Category Archives: Xəbərlər

Tıncıxdıq – ƏSA Teatrından fotoaksiya


Azərbaycan Respublikasının ilk inklüziv teatrı olan ƏSA Teatrı bir ildən çoxdur ki, teatrların bağlı olmasıyla bağlı fotoaksiya həyata keçirib.

“Bir ildən çoxdur ki, səhnəyə çıxmırıq. Məhz bu səbəblə pandemiya müddətində digital işlər görməyə başladıq.
Artıq səhnədə nəfəs almaq istəyirik.

Ümid edirik tezliklə pandemiya bitəcək və biz sizinlə yenidən səhnədə görüşəcəyik.”

Teatral terapiya kursu

Teatral terapiya kursu fərdin özünü rahat və azad şəkildə ifadə etməsini, yaradıcılığını daha da artırıb, estetik yönlərinin ortaya çıxarmasını təmin etmək məqsədini daşıyır. İnklüziv ƏSA Teatrının daxilində yaradılmış kursun məşğələlərində teatral metodlardan yararlanaraq, fərdin özünə və ətrafına fərqli gözlərlə baxmasına və anlamasına, özünü kəşf etməsinə köməkçi olur.

Standart psixo-terapiya zamanı insanların problemləri çox zaman birbaşa müzakirə obyektinə çevrilir, hansı ki belə hallarda fərd ( xüsusən yeniyetmə və uşaqlar) sıxılır, danışmaqdan imtina edir, qarşısındakını yanıltmağa çalışır və dolayısıyla da problemi müzakirə etməkdən, daxili dünyasını açmaqdan yayınır. Amma teatral və yaradıcı terapiyada problemə birbaşa deyil, dolayı yolla toxunulur. Fərd probleminin istədiyi qədərini ortaya qoyur. Paylaşmaq istəmədiyini özünə saxlayır. Onun daxili dünyasına  sənət vasitəsilə daha yumşaq,daha estetik yanaşılır. Xüsusən yeniyetmə və uşaqların daha həssas və özünəqapanıq olduğunu nəzərə alsaq, bizim teatral məşğələlərdəki  dram, musiqi, foto, yoga terapiyaları əyləncəli olmaqla yanaşı, fərdi problemləri kollektiv şəkildə həll edir. Uşaqların diqqət, qavrama, dinləmə, danışma, ifadə və şərh etmə kimi ünsiyyət bacarıqlarını inkişaf etdirir. Beləliklə, uşaq özünü və problemlərini ifadə etməyi və şərh etməyi öyrənir. Teatral terapiya mənəvi-yaradıcı sağlamlığı inkişaf etdirir.

Teatral terapiya kursuna nələr aiddir.

  • Dram terapiya
    Dram terapiya; yaradıcı dram texnikaları ilə uşaqların daxilində olan yaradıcılıq potensialını üzə çıxarır.Yaradıcılıq potensialını kəşf edən və inkişaf etdirən uşaqların daxili tarazlıq və özünəinam əldə etməsinə kömək edir. Özünəqapanmış, ünsiyyətdən qaçan və sosial adaptasiya problemi olan uşaqlara teatr oyununun müsbət gücündən istifadə edərək, qrup məşğələləriylə sərbəst mühit yaradır. Yaranmış qrup dinamikası ilə uşaqlar bir-biri ilə güc və dəstək mübadiləsi həyata keçirir; beləliklə, yalnızlıq, özünəqapanma hisləri və digər komplekslərlə asanlıqla mübarizə aparırlar. Kursumuzun dram terapiya məşğələlərində uşaqlar birlikdə əsərlər oxuyur, müxtəlif obrazlara bürünür, məntiqi və yaradıcı düşüncələrini inkişaf etdirən oyunlar və tamaşalar oynayır.  
  • Musiqili terapiya
    Musiqi özünüdərk və ifadə zənginliyi üçün misilsiz vasitədir. Biz hiss etməsək də, istənilən melodiya bizim əhval-ruhiyyəmizə təsir edir, xarakterimizin formalaşmasında rol oynayır. Melodiya ruhumuzun mənəvi qidasıdır. Bu səbəbdəndir ki, körpəni sakitləşdirmək və yuxusu gətirmək üçün hər zaman lay-lay oxunur. Biz musiqi terapiyasında ilk növbədə uşaqların mövcud musiqi zövqünün təyininə və özü tərəfindən düzgün istiqamətlənməsinə çalışacağıq. Bu səbəbdən terapiya ərzində kollektiv dinləmə, ifa, və musiqi analizləri baş tutacaq. Musiqili oyunlar, rəqslər vasitəsilə uşaqlar musiqini daha dərindən hiss edəcək, ritm duyumları formalaşacaq. Eyni zamanda ritm məşğələləri ilə uşaqların eşitmə yaddaşı inkişaf edəcək.
  • Yoga terapiya
    Yoga terapiya: uşaqların fiziki dərketməsinin müsbət istiqamətdə güclənməsini təmin edir. Bu məşğələlər sayəsində uşaqlar bədən üzvlərini tanıyır və onları düzgün istiqamətləndirməyi bacarır. Tənəffüs  məşğələləri ilə düzgün nəfəs almağı öyrənirlər. Nə qədər dəqiq nəfəs alınırsa, oksigendən o qədər çox faydalanmaq olur. Nəticədə düzgün nəfəs ilə alınan oksigen sayəsində bütün hüceyrələr qidalanır. Fiziki hərəkət məşğələlərində uşaqlar daha güclü, çevik və balanslı bir bədənə sahib olurlar. Bu məşğələlər uşaqların immun, qan dövranı, həzm, sinir və tənəffüs sistemlərinin inkişafını və sağlamlığını təmin edir.
  • Foto terapiya
    Foto terapiya; kursumuzun yekun məşğələsi – nəticəsi sayıla bilər. Uşaqlar adətən özlərini göstərmək əvəzinə, gizlətməyi üstün tuturlar. Məsələn evə qonaq gələndə, evin hansısa küncündə gizlənir, parkda və ya digər yerlərdə həmyaşıdları ilə söhbət etmək əvəzinə, kənarda dayanıb, özlərini mühitdən ayırırlar. Fototerapiya zamanı uşaqlar foto-video çəkilişlər vasitəsilə özlərini gizlətmək əvəzinə, sərbəst şəkildə təqdim edəcək, müxtəlif emosiyalarını rahat ifadə edəcək və fərqli obrazlara bürünərək, komplekslərdən azad olacaqlar.  Fototerapiya vasitəsilə uşaqlarınızda olan proqressi və müsbət dəyişikliyi əyani şəkildə (foto-video) görə biləcəksiniz.

Teatral terapiya uşaqlara nə qazandırır?

  • Özünə və başqalarına güvəni təmin edir.
  • Uşaqların xəyal gücünü, təsəvvürlərini inkişaf etdirməsinə və yaradıcı düşünməsinə kömək edir. Estetik hiss və şüuru inkişaf etdirir.
  • Danışıq, dinləmə və ifadə bacarıqlarını artırır.
  • Özünü ifadə etməyi və sərbəst düşüncə qabiliyyətini artırır.
  • Hadisələrə başqasının nöqteyi-nəzərindən baxma qabiliyyəti ilə empatiyanı yaxşılaşdırır.
  • Kollektivlə uyğunlaşma və birgə fəaliyyəti inkişaf etdirir.
  • Hərəkətli məşğələlərdə bədənini tanıyır və onu idarə etməyi öyrənir.
  • Həyata və hadisələrə müsbət baxmalarını təmin edir
  • Uşaqların utancaqlıq, çəkinmə və s. mənfi hisslərdən qurtulmasına kömək edir

Teatral terapiya hansı uşaqlar üçündür?

  • Özünəqapanmış, asosial
  • Əqli-fiziki inkişafdan geri qalan
  • Özünüifadə çətinliyi çəkən 
  • Diqqət əskikliyi olan
  • Ruhdüşkünlüyü yaşayan
  • Ünsiyyətdən yayınan
  • Hiperaktiv uşaqlar

Müəllimləri tanıyın:

Məşğələlər bu sahədə geniş təcrübələrə malik olan Nihad Qulamzadə və Səmayə Ağayarova tərəfindən aparılacaq.

Nihad Qulamzadə hazırda dram rejissoru və təlimçi kimi fəaliyyət göstərir. Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri şirkətinin “Bənövşə” uşaq xorunda çıxış edib. Bakı şəhəri Georgi Şaroyev adına 35 nömrəli Musiqi Məktəbində violin ixtisası üzrə musiqi təhsilini yarıda saxlayıb və teatr sahəsinə yönəlib. 9 ildən çoxdur kütləvi incəsənət sahələrində çalışır. 2016-cı ildə əlilliyi olan və olmayan aktyorlardan ibarət inklüziv ƏSA Teatrını yaradıb. 2018-ci ildə Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində yerləşən “Open World” Liderlik Mərkəzinin məzunu olub. Burada əlillik haqları, sosial-mədəni islahatlar təlimləri ilə yanaşı, kütləvi terapiya (xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün) təcrübələrinə qatılıb və bu sahədə beynəlxalq səviyyəli biliklərə yiyələnib. Mərkəzin proqramındakı aktiv iştirakına görə Amerika Konqresi tərəfindən ABŞ-ın nüfuzlu “Konqres mükafatı”na layiq görülüb. Həmçinin 2018/2019-cu illərdə  xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş, müxtəlif mənəvi travmalar almış uşaqların cəmiyyətə sağlam fərd kimi yetişdirilməsi məqsədilə teatr metodlarından istifadə edərək, dram terapiya dərsləri verib.

Səmayə Ağayarova hazırda aktrisa və xareoqraf kimi fəaliyyət göstərir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. ƏSA Teatrının aktrisası və rejissor asistentidir. Bir çox teatr və kino layihələrdə iştirak edib. Dəfələrlə məktəb və baxça tədbirlərinə quruluş verib. 2018/2019-cu ildə xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş, müxtəlif mənəvi travmalar almış uşaqların cəmiyyətə sağlam fərd kimi yetişdirilməsi məqsədilə teatr metodlarından istifadə edərək, dram terapiya dərsləri verib. Bədii gimnasitika və yoga ilə məşğul olub. Teatral terapiya metodunun müəllifidir.

Qeydiyyat üçün əlaqə saxlayın:
+994 55 264 05 68 (Whatsapp)

Qeyd: Təqdim etdiyimiz kurs psixo-terapiya deyil. Sırf yaradıcı yöndə inkişafa aparan terapiyadır.

ƏSA Teatrından Beynəlxalq Teatr günü ilə bağlı – VİDEOÇARXLAR

Azərbaycan Respublikasının ilk inklüziv teatrı olan ƏSA Teatrı 27 mart Beynəlxalq Teatr Günü ilə bağlı “Pandemiya aktyoru” adlı video çarxlar hazırlayıb.

Teatrın aktyorları Rafael Şahbəyli və İmran Lalayevin iştirakı ilə çəkilən video çarxlar teatrların pandemiya səbəbindən bir ildən çoxdur fəaliyyətlərini dayandırması və aktyorların səhnədən, yaradıcı prosesdən uzaq qalması probleminə toxunur.

Qeyd edək ki, video çarxların müəllifi, ƏSA Teatrının baş meneceri Nicat Qulam bildirir ki, teatrların bir ildən uzun müddət fəaliyyət göstərməməsi ən çox aktyor heyətinə mənfi təsir edib. Çünki uzun müddət aktyorların səhnədən kənarda qalması, tamaşaçı qarşısına çıxmaması, yaradıcı və kollektiv prosesdə iştirak etməməsi onları motivasiyadan salmaqla yanaşı, həm də passivləşdirir. Bu səbəbdən teatrımız bu günü digital formada və məhz bu mövzuda qeyd etmək qərarına gəlib.

Video çarxları təqdim edirik:

Pandemiya aktyoru – 1

Pandemiya aktyoru – 2

ƏSA Teatrından növbəti videoçarx – Təşəkkür edirik!

Ölkəmizin ilk inklüziv teatrı olan ƏSA Teatrı Azərbaycan xalqının İkinci Qarabağ müharibəsindəki tarixi qələbəsi münasibətilə növbəti videoçarx hazırlayıb. Videoçarxda teatrın aktyor heyəti iştirak edib.

İkinci Qarabağ müharibəsi başlayan gündən vətənpərvərlik istiqamətində layihələr həyata keçirən ƏSA Teatrının kollektivi budəfəki videoçarx vasitəsilə müharibənin əsas qəhrəmanı olan hərbçilərimizə, Ali Baş Komandanımıza, şanlı qələbəmizdə əməyi olan vətəndaşlarımıza, jurnalistlərimizə, polislərimizə, həkimlərimizə təşəkkür edərək, qələbə sevincini bölüşüb.

ƏSA Teatrı “Qarabağ – hər kəsin ortaq arzusu” adlı videoçarx hazırlayıb

Videoçarx iştirakçıları Qarabağ sevgisinin və həsrətinin xalqımızın hər bir nümayəndəsində olduğunu və arzularımız fərqli olsa da, bu arzuların ünvanının bir olduğunu vurğulayır.

Əlilliyi olan və olmayan aktyorlardan ibarət Azərbaycan Respublikasının ilk inklüziv ƏSA Teatrı “Qarabağ – hər kəsin ortaq arzusu” adlı sosial videoçarx hazırlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, videoda aktrisa Günay Məmmədova, aktyorlar İmran Lalayev və Rəsul Zəkiyev çəkiliblər.

Ən yaxın zamanda ölkəmizin işğaldan azad olunan bölgələrinə gedərək, arzularını reallaşdırmaq istəyən videoçarx iştirakçıları, Qarabağ sevgisinin və həsrətinin xalqımızın hər bir nümayəndəsində olduğunu və arzularımız fərqli olsa da, bu arzuların ünvanının bir olduğunu vurğulayır.

ƏSA Teatrı 4 yaşında – VİDEO

Azərbaycanın əlilliyi olan və olmayan aktyorlardan ibarət inklüziv ƏSA Teatrı 4 yaşını qeyd edir. ƏSA Teatrı 3 sentyabr 2016-cı ildə rejissor Nihad Qulamzadə tərəfindən təsis olunub. Teatr yarandığı gündən bu günədək böyük uğurlara imza ataraq, dünya və Azərbaycan ədəbiyyatının ən sevilən əsərlərinə quruluş verib.

Gənc olmasına baxmayaraq ƏSA Teatrı U.Şeksprin, C.Steynbekin, M.F.Axundzadənin, M.Meterlinkin, J.B.Molyerin də əsərlərini tamaşaya qoyub.

Teatrın təsisçisi Nihad Qulamzadə 2018-ci ildə ABŞ-da “Açıq Dünya” Proqramında ölkəmizdəki inklüziv incəsənət, teatrın fəaliyyəti və inkişafı haqqında ətraflı məlumat verib. Həmçinin, Azərbaycan bölgələrini qarış-qarış gəzməyi qarşısına məqsəd qoyan ƏSA Teatrı Naxçıvanda və Lənkəranda anşlaqla tamaşalar nümayiş etdirib.

2020-ci ilin mart ayından etibarən COVİD-19 pandemiyası ilə əlaqədar ölkəmizdə karantin rejimi elan edildiyindən, ƏSA Teatrı öz fəaliyyətini virtual şəkildə davam etdirir. Hazırda ƏSA Teatrı Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsəri əsasında eyniadlı tamaşa hazırlayır.

ƏSA Teatrında “Adamlar və siçanlar” tamaşasının premyerası keçiriləcək

Əlilliyi olan aktyorlardan ibarət ƏSA Teatrı “Adamlar və siçanlar” tamaşasının premyerasına hazırlaşır. 

Bu barədə “Report”a teatrdan məlumat verilib.

Məlumata görə, amerikalı yazıçı John Steinbeckin “Adamlar və siçanlar” povesti əsasında hazırlanan eyniadlı tamaşanın premyerası dekabrın 19-u saat 19:00-da Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində baş tutacaq.

Əsərin mövzusu daha çox bəşəri problemlərdən, dostluqdan və sevgidən bəhs edir. 

Tamaşanın quruluşçu rejissoru, teatrın bədii rəhbəri Nihad Qulamzadədir. Rolları Elşən Əsgərov, Elvin Mirzəyev, Orxan Adıgözəl, Səmayə Ağayarova, Riad Sultanov, İmran Lalayev, Günay Məmmədova, Fərid Əliyev və Patti Smith canlandıracaq.

Həmçinin tamaşa zamanı nitq məhdudiyyətli tamaşaçılar üçün işarət dili ilə sinxron tərcümə olacaq. 

Qeyd edək ki, “Adamlar və siçanlar” tamaşası ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə səhnələşdirilib. 

ƏSA Teatrı 1 yaşını qeyd edir (VİDEO)

Azərbaycan teatrının “əsası”, ölkənin, eləcə də böyük Qafqazın əlilliyi olan aktyorlardan ibarət ilk teatrı olan ƏSA-nın bu gün bir yaşı tamam oldu. 

ƏSA Teatrının baş meneceri Nicat Qulamın “Qaynarinfo”ya verdiyi məlumata görə, teatr 3 sentyabr 2016-cı ildə aktyor-rejissor Nihad Qulamzadə tərəfindən yaranmışdır. Yarandığı ilk günlər teatrın heyəti Orxan Adıgözəl, Nicat Qulam, Murad Məmmədov, Elvin Mirzeyev və Nihad Qulamzadədən ibarət olub. Beş nəfərlik heyətlə fəaliyyətə başlayan teatr qısa zamanda bir çox uğurlara imza atıb və irəliləyən zamanda heyətini çoxaldaraq, təkminləşdirib. 

İlk olaraq səhnələşdirdiyi “DUMB” tamaşasıyla, ƏSA, teatr olaraq özünü incəsənət aləmində təsdiq edib və böyük tamaşaçı sevgisini qazanıb. “DUMB” tamaşası yerli media ilə yanaşı, ən çox da beynəlxalq medianın diqqətini cəlb etməyi bacarıb. Belə ki, beynəlxalq media tamaşa haqqında bir çox sujetlər hazırlayıb, yerli və xarici yazarlar tamaşahaqqında yazıb.

Qısa zamanda teatr, incəsənətin heç bir əngəl tanımadığını, əlilliyi olan insanların görünəndən qat-qat daha çox gücə qadir olduqlarını sübut edə bilib. Teatrın fəaliyyəti ölkədə və ölkəxaricində yaşayan əlilliyi olan insanlar üçün böyük stimul mənbəyinə, motivasiyaya çevrilib. 

Bu səbəbdəndir ki, teatrın ilk tamaşasından sonra əlilliyi olan şəxslər aktyor kimi fəaliyyət göstərmək üçün teatra çoxsaylı müraciətlər edib. 

Müraciət edən şəxslərin istəklərini nəzərə alaraq, ƏSA Teatrı böyük bir aktyor heyəti olan tamaşa hazırlamaq qərarına gəlib. Müraciət əsasında teatra gəlmiş əlilliyi olan şəxslər də bu tamaşada yer alıb. “Yuxum” adlanan, 15 nəfərlik aktyor heyətinə malik olan bu tamaşanın premyerasına beş gün qalmış bütün biletlər satılıb. Bu da Azərbaycan teatr tarixində az-az hallarda rastlaşdığımız hadisə idi. Belə ki, 370 nəfərlik teatr zalında, premyera günü 450-yə yaxın tamaşaçı olub. 

Sözügedən tamaşa həmçinin dünya teatr tarixində ilk dəfə tamaşa zamanı sinxron şəkildə işarət dili ilə tərcümə olunub.

Bütün bunlarla yanaşı teatr bir illik fəaliyyətində müxtəlif sosial layihələr də həyata keçirib. 

Baş menecer Nicat Qulam bildirir ki, qarşıdakı bir ildə isə teatrı daha böyük işlər gözləyir:“Bu ilin sonuna qədər premyerası baş tutmalı olan iki tamaşa var planda. Bunlardan əlavə yeni icarəyə götürdüyümüz məkanda əlilliyi olan və olmayan şəxslər üçün film nümayişləri, sərgilər, seminarlar və müxtəlif təlimlər olacaq. Bütün bunların məqsədi ölkədə əlilliyi olan və olmayan insanların bir araya gəlməsi, mədəni çevrənin yaradılmasıdır.” 

Teatr 2-ci mövsümdə “ƏSA” sənət məktəbi təsis etmək niyətindədir. Teatrla və digər incəsənət növləri ilə məşğul olmaq istəyən, xüsusən də ƏSA Teatrına qoşulmaq istəyən əlilliyi olan və olmayan şəxslər ilk növbədə bu məktəbdən məzun olmalı olacaqlar. Dərslərin qismən ödənişsiz olması gözlənilir.

2016-cı ildə aparılan fəaliyyətlə bağlı qısa videonu izləyə bilərsiniz:

ƏSA Teatrında yeni tamaşa – “Adamlar və siçanlar”

Əsas heyəti fiziki məhdudiyyətli aktyorlardan ibarət olan ƏSA Teatrı Amerika yazıçısı Con Steynbekin “Adamlar və siçanlar” əsərini səhnələşdirəcək.

Bu barədə teatrın baş meneceri Nicat Qulam məlumat verib.

O, bildirib ki, hazırlanan bu tamaşa teatrın bir illik fəaliyyətində sayca üçüncü olacaq.

Fərqli quruluşa və estetikaya sahib olacaq səhnə əsərində 6-sı fiziki məhdudiyyətli olmaqla 8 aktyor iştirak edəcək.

Tamaşanın quruluşçu rejissoru teatrının bədii rəhbəri Nihad Qulamzadədir.

Qeyd edək ki, ƏSA Teatrı 2016-cı ilin sentyabr ayında müstəqil şəkildə təsis edilib. Nəinki ölkəmizdə, öz fəaliyyətinə görə hətta dünyada da yeganə teatrdır. Qısa zamanda yaranmasına baxmayaraq teatr artıq iki fərqli tamaşa təqdim edib və xeyli sayda tamaşaçı sevgisi qazanıb.

“Yuxum”a 400 nəfər gəldi

ƏSA Teatrının premyerası baş tutdu

Əsas heyəti əlilliyi olan aktyorlardan ibarət inklüziv ƏSA Teatrının növbəti tamaşasının premyerası baş tutub. Sputnik Azərbaycan xəbər verir ki, Uilyam Şekspirin “Yay gecəsində yuxu” əsəri əsasında hazırlanmış “Yuxum” romantik komediyası 2 may 19:00-da Azərbaycan Teatr Xadimləri İttifaqının binasının tamaşa salonunda nümayiş olunub.

Teatrın baş meneceri Nicat Qulamın verdiyi məlumata görə, ƏSA Teatrının “Yuxum” tamaşasının premyerası anşlaqla keçib. Mədəni və siyasi xadimlər, məşhur teatr xadimləri, millət vəkilləri, ziyalılar, o cümlədən bir çox səfirlik və dövlət qurumları ilə yanaşı, nümayişi ümumilikdə 400-ə yaxın tamaşaçı izləyib.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Şamil İbrahimov, rejissoru Nihad Qulamzadə, musiqi tərtibatçısı Aydın Rəhimov, səhnə tərtibatçısı Nicat Qulam, işıq rəssamı Binyamin Sailov, geyim üzrə rəssam isə Leyla Əliyevadır.

Tamaşada səkkizi əlilliyi olan olmaqla, 15 aktyor iştirak edib. Eyni zamanda, Azərbaycanda ilk dəfə olaraq tamaşa zamanı işarət dili ilə tərcümə də baş tutmuşdur. İşarət dili ilə tərcümə bu sahədə bir çox uğurlu layihələrə imza atmış Nüranə Abıyeva tərəfindən olunub.

ƏSA Teatrında premyera – YUXUM (U. Şekspir)

Azərbaycan teatrının “ƏSA”sı yenidən səhnədə – Uilyam Şekspirin “Yay gecəsində yuxu” əsəri ilə

Ölkədə bir ilkə imza atan əsas heyəti əlilliyi olan aktyorlardan ibarət inklüziv ƏSA Teatrının növbəti tamaşasının premyerası baş tutacaq.

Beləliklə, ötən il müstəqil şəkildə təsis edilən inklüziv ƏSA Teatrı 2 may 19:00-da ingilis dramaturq U. Şekspirin “Yay gecəsində yuxu” əsəri əsasında hazırlanmış “Yuxum” romantik komediyasının ilk nümayişini tamaşaçılara təqdim edəcək.

Tamaşanın quruluşçu rejissoru Şamil İbrahimov, rejissoru Nihad Qulamzadə, rəssamı Ülviyyə Mikayılova, qrafik dizayner və musiqi tərtibatçısı Aydın Rəhimov, səhnə tərtibatı Nicat Qulam, işıq rəssamı Bünyamin Sailodur. Səhnə əsərində ümumilikdə 15 aktyor rol alıb.
Qeyd edək ki, tamaşanın Azərbaycan Teatr Xadimləri İttifaqının (Aktyorlar Evi) tamaşa salonunda baş tutacaq.

Ünvan: Səbail rayonu, Xəqani küçəsi 10. (Sahil metrosunun yaxınlığında)

“Yuxum” tamaşası Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Rəsmi partnyorlar: British Council Azerbaijan, Teatr Xadimləri İttifaqı, Axtarış Sənət Evi

Teatrın təsisçisi və bədii rəhbəri: Nihad Qulamzadə
Direktoru: Orxan Adıgözəl
Baş menecer: Nicat Qulam

Biletin qiyməti: 10 – 7 – 5- 3 AZN
Satış ünvanı: Kibrit Book Kafe (Rəsul Rza 28K) və Axtarış Sənət Evi (Cəlil Məmmədquluzadə döngəsi 13, Nizami metrosu yaxınlığı)


Əlaqə: Tel.: (012) 595-75-70
Mob.: (055) 311-05-98
E-poçt: esateatr@gmail.com

ƏSA Teatrı “Yay gecəsində yuxu” tamaşasını hazırlayır

Əsas heyəti fiziki məhdudiyyətli şəxslərdən ibarət inklüziv ƏSA Teatrı dahi ingilis dramaturqu Uilyam Şekspirin “Yay gecəsində yuxu” romantik komediyasını səhnələşdirəcək.

Teatrın baş meneceri Nicat Qulamın “Report”a verdiyi məlumata görə, artıq premyera günü təyin edilib və tamaşa hazırlığı sürətli şəkildə davam edir.

Səhnə əsərində 10-u fiziki məhdudiyyətli olmaqla 15 aktyor iştirak edəcək. 

Tamaşanın quruluşçu rejissoru Şamil İbrahimov, ikinci rejissoru isə teatrın bədii rəhbəri Nihad Qulamzadədir.

“ƏSA” ilk tamaşasını təqdim etdi – VİDEOREPORTAJ

Noyabrın 20-də “ƏSA” teatrı “Dumb” adlı ilk tamaşasını təqdim edib.
 
Psixo-dram janrında qurulan tamaşada bir insan həyatının müxtəlif mərhələlərindən bəhs edilir.
 
Tamaşadakı rolları Fərid Kazakov, Orxan Adıgözəl, Murad Məmmədov, Elvin Mirzəyev və Nihad Qulamzadə ifa edib.
Qeyd edək ki , “Əsa”  Azərbaycanda əlilliyi olan və olmayan insanların birgə yaratdığı ilk teatrdır. 12-15 nəfərdən ibarət olan “ƏSA” teatr komandasının 8 üzvü əlilliyi olan gəncdir.
 
Teatrın bədii rəhbəri və təsisçisi Nihad Qulamzadə, direktoru Murad Məmmədov, baş meneceri Nicat Qulamdır. 
 
Tamaşa haqqında olan videoreportajı  təqdim edirik:


Davamını oxu

ƏSA Teatrının ilk tamaşasını təqdim edəcək – DUMB

Azərbaycan teatrının “ƏSA”sı ilk tamaşasını təqdim edir.
Ölkədə bir ilkə imza atan əlilliyi olan aktyorlardan ibarət ƏSA Teatrının ilk tamaşasının premyerasının keçiriləcəyi gün bəlli oldu.
Beləliklə, 3 sentyabr 2016-cı il tarixində təsis edilən ƏSA Teatrı, 20 noyabr 19:00-da ilk tamaşası olan “DUMB Mərhələsinin Əsası” tamaşasını təqdim edəcək.
Tamaşa haqqında:
Psixo-dram janrında qurulmuş tamaşa bir insan həyatının müxtəlif mərhələlərindən bəhs edir. Belə ki, bütün həyatını aldığı travmadan qurtulmağa həsr edən və yalnış istiqamətlənən, atdığı hər addımda vəziyyətini daha da çətinləşdirən qəhrəmanımız bütün günahları ətrafında baş verən hadisələrdə və şəxslərdə görür. Lakin o bütün bunlarla da kifayətlənmir və …
 
Tamaşanı Fərid Kazakov, Orxan Adıgözəl, Murad Məmmədov, Elvin Mirzəyev və Nihad Qulamzadə ifa edəcək.
Müəllif: “ƏSA” Teatrı
Xoreoqraf: Fərid Kazakov
Rəssam: İlahə Mayıl, Naz Ramizqızı
Dizayn tərtibatçısı: Naz Ramizqızı
Musiqi tərtibatçısı: Nicat Qulam
Teatrın təsisçisi və bədii rəhbəri Nihad Qulamzadə
Direktoru Murad Məmmədov
Meneceri Nicat Qulam
Təşkilati dəstək: 
British Council Azerbaijan

Texniki dəstək: Xəzər Üniversiteti, “TalanT’s Manager”
Ünvan: Bəşir Səfəroğlu küç. 122 (Xəzər Üniversitetin kampusu)
Biletin qiyməti: 7 AZN (Tamaşa günündən öncə əldə etməyiniz məsləhət görülür)
Biletləri Kibrit book cafe-dən əldə edə bilərsiniz.
Ünvanı: Torqovıy, Xəqani ticarət mərkəzi yaxınlığı. FHN (Su ehtiyatları)-lə üzbəüz. (Rəsul Rza 28K)
Əlaqə: (055) 311-05-98; (077) 500-63-70; (055) 650-99-58
Email: esateatr@gmail.com
İnstagram: @esateatr

Azərbaycan teatrının “ƏSA”sı yarandı – VİDEO

Ölkəmizdə əlilliyi olan aktyorlardan ibarət müstəqil ƏSA Teatrı yaranıb. Bu barədə teatrın təsisçisi və bədii rəhbəri Nihad Qulamzadə məlumat verib:


“Hazırda heyyətimiz on iki nəfərdən ibarətdir. Əsas heyyəti əlilliyi olan aktyorlar təşkil edir. Lakin əlilliyi olmayan aktyorlar da bu teatrda fəaliyyət göstərə biləcək. Dünyada əlilliyi olan və ya daun sindiromlu aktyorlar ibarət teatr olsa da sayları çox azdır. ƏSA Teatrı Azərbaycanda bir ilkə imza atır və gələcəkdə gördüyü işlərlə incəsənətin sərhəd, əngəl tanımadığını təsdiq edəcək. Hazırki dövrdə bu teatr Azərbaycan teatrının sözün əsl mənasında əsası olacaq”.

Teatrın bədii rəhbəri oktyabr ayının başlanğıcında ilk tamaşalarının premyerasının olacağını deyir. Hazırda tamaşanın məşqləri gedir.


Qeyd edək ki, teatrın direktor vəzifəsini gənc təlimçi, motivator, “Uğurun Xəritəsi” kitabının müəllifi Murad Məmmədov daşıyacaq.