Teatral terapiya kursu

Teatral terapiya kursu fərdin özünü rahat və azad şəkildə ifadə etməsini, yaradıcılığını daha da artırıb, estetik yönlərinin ortaya çıxarmasını təmin etmək məqsədini daşıyır. İnklüziv ƏSA Teatrının daxilində yaradılmış kursun məşğələlərində teatral metodlardan yararlanaraq, fərdin özünə və ətrafına fərqli gözlərlə baxmasına və anlamasına, özünü kəşf etməsinə köməkçi olur.

Standart psixo-terapiya zamanı insanların problemləri çox zaman birbaşa müzakirə obyektinə çevrilir, hansı ki belə hallarda fərd ( xüsusən yeniyetmə və uşaqlar) sıxılır, danışmaqdan imtina edir, qarşısındakını yanıltmağa çalışır və dolayısıyla da problemi müzakirə etməkdən, daxili dünyasını açmaqdan yayınır. Amma teatral və yaradıcı terapiyada problemə birbaşa deyil, dolayı yolla toxunulur. Fərd probleminin istədiyi qədərini ortaya qoyur. Paylaşmaq istəmədiyini özünə saxlayır. Onun daxili dünyasına  sənət vasitəsilə daha yumşaq,daha estetik yanaşılır. Xüsusən yeniyetmə və uşaqların daha həssas və özünəqapanıq olduğunu nəzərə alsaq, bizim teatral məşğələlərdəki  dram, musiqi, foto, yoga terapiyaları əyləncəli olmaqla yanaşı, fərdi problemləri kollektiv şəkildə həll edir. Uşaqların diqqət, qavrama, dinləmə, danışma, ifadə və şərh etmə kimi ünsiyyət bacarıqlarını inkişaf etdirir. Beləliklə, uşaq özünü və problemlərini ifadə etməyi və şərh etməyi öyrənir. Teatral terapiya mənəvi-yaradıcı sağlamlığı inkişaf etdirir.

Teatral terapiya kursuna nələr aiddir.

  • Dram terapiya
    Dram terapiya; yaradıcı dram texnikaları ilə uşaqların daxilində olan yaradıcılıq potensialını üzə çıxarır.Yaradıcılıq potensialını kəşf edən və inkişaf etdirən uşaqların daxili tarazlıq və özünəinam əldə etməsinə kömək edir. Özünəqapanmış, ünsiyyətdən qaçan və sosial adaptasiya problemi olan uşaqlara teatr oyununun müsbət gücündən istifadə edərək, qrup məşğələləriylə sərbəst mühit yaradır. Yaranmış qrup dinamikası ilə uşaqlar bir-biri ilə güc və dəstək mübadiləsi həyata keçirir; beləliklə, yalnızlıq, özünəqapanma hisləri və digər komplekslərlə asanlıqla mübarizə aparırlar. Kursumuzun dram terapiya məşğələlərində uşaqlar birlikdə əsərlər oxuyur, müxtəlif obrazlara bürünür, məntiqi və yaradıcı düşüncələrini inkişaf etdirən oyunlar və tamaşalar oynayır.  
  • Musiqili terapiya
    Musiqi özünüdərk və ifadə zənginliyi üçün misilsiz vasitədir. Biz hiss etməsək də, istənilən melodiya bizim əhval-ruhiyyəmizə təsir edir, xarakterimizin formalaşmasında rol oynayır. Melodiya ruhumuzun mənəvi qidasıdır. Bu səbəbdəndir ki, körpəni sakitləşdirmək və yuxusu gətirmək üçün hər zaman lay-lay oxunur. Biz musiqi terapiyasında ilk növbədə uşaqların mövcud musiqi zövqünün təyininə və özü tərəfindən düzgün istiqamətlənməsinə çalışacağıq. Bu səbəbdən terapiya ərzində kollektiv dinləmə, ifa, və musiqi analizləri baş tutacaq. Musiqili oyunlar, rəqslər vasitəsilə uşaqlar musiqini daha dərindən hiss edəcək, ritm duyumları formalaşacaq. Eyni zamanda ritm məşğələləri ilə uşaqların eşitmə yaddaşı inkişaf edəcək.
  • Yoga terapiya
    Yoga terapiya: uşaqların fiziki dərketməsinin müsbət istiqamətdə güclənməsini təmin edir. Bu məşğələlər sayəsində uşaqlar bədən üzvlərini tanıyır və onları düzgün istiqamətləndirməyi bacarır. Tənəffüs  məşğələləri ilə düzgün nəfəs almağı öyrənirlər. Nə qədər dəqiq nəfəs alınırsa, oksigendən o qədər çox faydalanmaq olur. Nəticədə düzgün nəfəs ilə alınan oksigen sayəsində bütün hüceyrələr qidalanır. Fiziki hərəkət məşğələlərində uşaqlar daha güclü, çevik və balanslı bir bədənə sahib olurlar. Bu məşğələlər uşaqların immun, qan dövranı, həzm, sinir və tənəffüs sistemlərinin inkişafını və sağlamlığını təmin edir.
  • Foto terapiya
    Foto terapiya; kursumuzun yekun məşğələsi – nəticəsi sayıla bilər. Uşaqlar adətən özlərini göstərmək əvəzinə, gizlətməyi üstün tuturlar. Məsələn evə qonaq gələndə, evin hansısa küncündə gizlənir, parkda və ya digər yerlərdə həmyaşıdları ilə söhbət etmək əvəzinə, kənarda dayanıb, özlərini mühitdən ayırırlar. Fototerapiya zamanı uşaqlar foto-video çəkilişlər vasitəsilə özlərini gizlətmək əvəzinə, sərbəst şəkildə təqdim edəcək, müxtəlif emosiyalarını rahat ifadə edəcək və fərqli obrazlara bürünərək, komplekslərdən azad olacaqlar.  Fototerapiya vasitəsilə uşaqlarınızda olan proqressi və müsbət dəyişikliyi əyani şəkildə (foto-video) görə biləcəksiniz.

Teatral terapiya uşaqlara nə qazandırır?

  • Özünə və başqalarına güvəni təmin edir.
  • Uşaqların xəyal gücünü, təsəvvürlərini inkişaf etdirməsinə və yaradıcı düşünməsinə kömək edir. Estetik hiss və şüuru inkişaf etdirir.
  • Danışıq, dinləmə və ifadə bacarıqlarını artırır.
  • Özünü ifadə etməyi və sərbəst düşüncə qabiliyyətini artırır.
  • Hadisələrə başqasının nöqteyi-nəzərindən baxma qabiliyyəti ilə empatiyanı yaxşılaşdırır.
  • Kollektivlə uyğunlaşma və birgə fəaliyyəti inkişaf etdirir.
  • Hərəkətli məşğələlərdə bədənini tanıyır və onu idarə etməyi öyrənir.
  • Həyata və hadisələrə müsbət baxmalarını təmin edir
  • Uşaqların utancaqlıq, çəkinmə və s. mənfi hisslərdən qurtulmasına kömək edir

Teatral terapiya hansı uşaqlar üçündür?

  • Özünəqapanmış, asosial
  • Əqli-fiziki inkişafdan geri qalan
  • Özünüifadə çətinliyi çəkən 
  • Diqqət əskikliyi olan
  • Ruhdüşkünlüyü yaşayan
  • Ünsiyyətdən yayınan
  • Hiperaktiv uşaqlar

Müəllimləri tanıyın:

Məşğələlər bu sahədə geniş təcrübələrə malik olan Nihad Qulamzadə və Səmayə Ağayarova tərəfindən aparılacaq.

Nihad Qulamzadə hazırda dram rejissoru və təlimçi kimi fəaliyyət göstərir. Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri şirkətinin “Bənövşə” uşaq xorunda çıxış edib. Bakı şəhəri Georgi Şaroyev adına 35 nömrəli Musiqi Məktəbində violin ixtisası üzrə musiqi təhsilini yarıda saxlayıb və teatr sahəsinə yönəlib. 9 ildən çoxdur kütləvi incəsənət sahələrində çalışır. 2016-cı ildə əlilliyi olan və olmayan aktyorlardan ibarət inklüziv ƏSA Teatrını yaradıb. 2018-ci ildə Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində yerləşən “Open World” Liderlik Mərkəzinin məzunu olub. Burada əlillik haqları, sosial-mədəni islahatlar təlimləri ilə yanaşı, kütləvi terapiya (xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün) təcrübələrinə qatılıb və bu sahədə beynəlxalq səviyyəli biliklərə yiyələnib. Mərkəzin proqramındakı aktiv iştirakına görə Amerika Konqresi tərəfindən ABŞ-ın nüfuzlu “Konqres mükafatı”na layiq görülüb. Həmçinin 2018/2019-cu illərdə  xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş, müxtəlif mənəvi travmalar almış uşaqların cəmiyyətə sağlam fərd kimi yetişdirilməsi məqsədilə teatr metodlarından istifadə edərək, dram terapiya dərsləri verib.

Səmayə Ağayarova hazırda aktrisa və xareoqraf kimi fəaliyyət göstərir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. ƏSA Teatrının aktrisası və rejissor asistentidir. Bir çox teatr və kino layihələrdə iştirak edib. Dəfələrlə məktəb və baxça tədbirlərinə quruluş verib. 2018/2019-cu ildə xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş, müxtəlif mənəvi travmalar almış uşaqların cəmiyyətə sağlam fərd kimi yetişdirilməsi məqsədilə teatr metodlarından istifadə edərək, dram terapiya dərsləri verib. Bədii gimnasitika və yoga ilə məşğul olub. Teatral terapiya metodunun müəllifidir.

Qeydiyyat üçün əlaqə saxlayın:
+994 55 264 05 68 (Whatsapp)

Qeyd: Təqdim etdiyimiz kurs psixo-terapiya deyil. Sırf yaradıcı yöndə inkişafa aparan terapiyadır.