Hardan başlanır teatr? – Lalə Əliyeva yazır

AND olsun ki, biz bir-birimizə münasibətdə  çox xəsisik…

“Əsa”nın bədii rəhbəri, rejissor Nihad Qulamzadənin Molyerin “Xəsis” pyesi əsasında quruluş verdiyi tamaşa “And” adlanır…

Əslində biz Nihadı elə andı ilə tanıdıq. Ölkədə ilk inklüziv teatrı yaradarkən, dövlətdən dotasiya alan bütün teatrların böhran içində çabaladıqları  bir zamanda,  evdən çölə çıxmaq üçün yardıma ehtiyacı olan istedadları bir yerə toplayıb onlara ümid, sevinc bağışlayarkən Nihad bir and verdi –  nə olursa olsun, “Əsa”nı ayaqda saxlayacaq… Ki, bu gün “Əsa”nın  ayağa qaldırmaq gücü var. Yüzlərlə tamaşaçının truppanı ayaq üstə, davamlı alşıqladığının növbəti dəfədir ki, şahidiyəm…

Belə heyrətləndiyimsə ilk dəfədir… 

Azərbaycanın ən böyük teatr səhnəsi. Tamaşa başlanır, alaqaranlıqda səhnəyə bir az da dərinlik verən ağ pərdələr arasından insan siluetləri görünür. Ritmik musiqinin sədaları altında, kimi arabada, kimi qaçaraq irəli şığıyır… öz kiçik taxt-tacında bərqərar olmuş qocanın başına dolanırlar. Qoca əvvəl xoşhal olur, uzanan ovuclara pul da basır…amma dövrə vuranların rəqsi get-gedə qorxunclaşır, əcaib sifətlər sədəqəyə qane olmurlar, qocanı param-parça eləməyə hazırdılar…üzlər getdikcə sərtləşir, cizgilər silinir…bu başlanğıc məni də diksindirir…nə yaxşı ki, kabus tezliklə bitir…

Xəyalın gerçəyi isə tamaşanın sonunacan səhnədə qalacaq. Xəsis Qarpaqonun mərhum xanımı zərli çərçivəyə alınmış tablodan elə hey boylanacaq…Hadisələrə şahid kimi baxacaq, bəlkə real qəhrəmanlardan daha hökmlü olacaq. Bircə kəlmə kəsmədən, yalnız baxışları ilə oynayacaq…

***  

 “Əsa”nın aktyorlarına publika ilə canlı təmas gərəkdir. Məşhur komediyadakı məzəli replikalar tamaşaçını dirçəldir, zaldan gülüş, alqış səsləri gəlir…

Bircə əsərin qəhrəmanı xəsis Qarpaqon sirrini kimsəyə vermir…

… İlk şeirlər söylədiyi vaxtdan bəri səsini bəyəndiyim, sonra dostlaşıb çox sevdiyim, şəxsiyyətinə hörmət etdiyim Elşənə diqqətlə baxıram… Onun qəhrəmanının dərdi başqadı. Hiss edirəm ki, truppanın ilk dəfə çıxdığı səhnədə bütün boşluqları güclü enerjisi ilə dolduran Elşən zahiri oyununun alt qatına başqa  məna yükləyib. Və bu məna yalnız əhvalatın axırına yaxın, bütün müşküllər həll olunandan sonra ortaya çıxır…varını, dövlətini hər kəsdən gizli saxlayan “xəsis” Qarpaqon itmiş mücrüsünü dəli kimi axrataranda…

Özünü səhnədən zala atır. Tamaşaçılar arasında tanış üzlər tapır, ümidlə yaxınlaşır…

–        İlqar müəllim, mücrünü görməmisiz?

–        Əzizim, bəlkə siz bilirsiz, hardadı mücrü?

–        Ona söz vermişəm, heç vaxt itirməyəcəm, qoruyacam…

 İtkinin ağırlığı deyəsən hər kəsə mənim kimi təsir edir. Zalı səhnəyə qatıb həyəcanla var-gəl edən Elşənin nigarançılığı hamımıza sirayət edir… elə bil biz də nəsə itirmişik axı…

***   

Hə, belə… Bəlkə elə bilirdiz tamaşanı başdan-ayağa danışacam? Yanvarın 15-də premyeradır, özünüz baxarsız, məndən bu qədər…

Bircə onu bilməyinizi istərdim ki, bu gözəl tamaşanı hazırlayan “Əsa” teatrının nə öz binası var, nə məşq zalı. Milli Dram teatrının səhnəsində cəmi bir “proqon”dan sonra, işıq, geyim və dekora adaptasiya keçmədən belə bir möhtəşəm iş ərsəyə gətirməyi bacardıılar. Həm də dövlətdən yardım almadan, maliiyələrini özləri taparaq, normal qiymətə bilet sataraq, hər tamaşa ilə peşəkarlıda bir addım əvəzinə 10 addım irəli ataraq…  Nə deyəsən? Bravo!

Uzun illərdir böyük sənətkarlar “teatr nədən başlanır?” sualına cavab axtarırlar. Asılqandanmı? Məncə yox! Teatr insandan başlanır. “Əsa” teatrının özəlliyi bu truppanı yaradanlar arasında  özəl münasibətinə bağlıdır. Birlik, qardaşlıq ruhu, sənət eşqi, yaratmaq həvəsi…Sevgi!!! İtərsə,   teatr da bitər… xəsislik hər şeyi məhv edər…  

***

Qarpaqonun mücrüsündən nə çıxdı, bilirsizmi? Bir vaxtlar Sevgisinə verdiyi AND… 

LALƏ / 525-ci qəzet (link: https://bit.ly/3rBEUtj)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma